"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Fariz Xəlilli: “Təəssüf ki, Elm və Təhsil Nazirliyi bələdiyyəni məktəblərdə hər hansı maarifləndirmə işi aparmağa icazə vermir”

--2023-03-27 / 15:43

Qanunvericilik baxımından hər bir bələdiyyə müəssisə təsis edə bilər. Təsis edilən MMC fəaliyyətdə olduğu halda həmin müəssisənin əldə etdiyi gəlirlərdən mənfəət vergisi də bələdiyyə büdcəsinə daxil olur. Belə müəssisə təsis edən bələdiyyələrdən biri də Ağsu rayonu Gəgəli bələdiyyəsidir. Bələdiyyə sədri tanınmış arxeoloq Fariz Xəlilliyə ünvanladığımız ilk sualda məhz bələdiyyənin təsis etdiyi “Təmiz kənd” MMC-ilə bağlı oldu. Qeyd edək ki, müəssisənin əsas məqsədi kəndin ərazisindən zibil tullantılarından daşınmasını, çeşidlənməsini həyata keçirməklə əhaliyə xidmət göstərməkdir:

-Bu gün bəzən Gəgəlidə tullantılarla bağlı hansı problem qalıb,- deyə soruşurlar. Etiraf edək ki, problemlər qalmaqdadır. Birincisi, məktəblilərin, uşaqların yedikləri tum, dondurma, qoğal və s. qablarını təbiətə, yol kənarlarına atmasıdır. Məncə bu məktəb və ailələrdə həll olunmalı məsələdir. Təəssüf ki, Elm və Təhsil Nazirliyi bələdiyyəni məktəblərdə hər hansı maarifləndirmə işi aparmağa icazə vermir. ikincisi, böyüklər, xüsusilə kəndimizin qonaqları maşınlarından təbiətə, yol kənarlarına eneji içkiləri, plastik butulkalar, yediklərinin qablarını atırlar. Məncə kənd sakinləri qonaqları ilə də işləməlidir. Üçüncüsü, qonşu kəndlərin bəzi sakinləri Göylər-Ağsu yolunun kənarında Gəgəli kəndinə məxsus ərazilərdə torbalarla zibil atıb gedirlər. Doğrudur, mütəmadi onları da toplayırıq, amma xoş görüntü yaratmır. inanıram ki, hamımız yaxşı işə "hə" dedikcə və maarifləndirmə artdıqca bu xırda problemlər də aradan qalxacaq.

“Təmiz kənd”-in xidmət haqqı ilə bağlı müxtəlif suallar yaranır.

Bununla bağlı sədr bildirdi ki, “Təmiz kənd” MMC 01.06.2021-ci ildə yerli sakinlərlə məişət tullantılarının daşınması ilə bağlı müqavilə imzalayıb. 01.01.2023-cü ildən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində "məişət tullantıları" bölməsində abonentlərin illik ödənişi - 24 manat = 2 manat x 12 ay daxil edilmişdir. əvvəlki illərdən borcu olanların borcları da ayrıca daxil edilmişdir. Abonentlər Azərpoçtda, terminallarda və onlayn platformalarda, hökumət ödəniş portalında bələdiyyələr bölməsindən məişət tullantılarının hər ay üzrə 2 manat ödənişlərini edirlər. Ödənişlər Gəgəli bələdiyyəsinin büdcəsinə daxil olur. Gəgəli bələdiyyəsi “Təmiz kənd” MMC-nin daşıma və çeşidləmə üzrə aylıq sabit xidmət haqqını ödəyir. Hazırda 158 ailə sistemə daxil edilib, digərləri də daxil edilir. şəhid ailələri və qazilər ödənişdən azaddır.

“Qaranlıqdərə” kəndimizi ikiyə bölən əsas dərədir. Sovet ittifaqı dövründə və bütün müstəqillik illərində dərənin halı eyni idi. Kim əlinə nə zibil keçirdisə gətirib bura atırdı. Gəgəli bələdiyyəsi “Təmiz kənd” xidmət mərkəzini başlatdıqdan sonra buranın və digər bütün dərələrin təmizlənməsini həyata keçirdik. Çox yerləri traktorla doldurduq və dedik ki, heç kim dərələrə zibil atmasın. Bəzən çətinliklər yaşadıq, bizə inanmadılar, qaçaq zibillər töküldü. Özüm girib dərənin zibilini yığdım. Alimə bax işini-gücünü atıb zibil təmizləyir, dedilər.

Təmizlik prosesinə toxunan sədr bildirdi ki, Ağsu rayonu Gəgəli bələdiyyəsi Təmiz kənd MMC-nin işçisi Emin Mədətov öz traktoru ilə işləyir. Həftənin cümə axşamları səhər tezdən kənd sakinləri bir həftə ərzində topladıqları məişət tullantılarını öz qapılarının qarşısına qoyurlar. Traktor bütün küçələrə daxil olur və qapıların qarşısındakı zibil kisələrini toplayır. Tullantıların traktora qalanmasında iki işçi kömək edir. Hər həftə iki və ya üç lafet tullantı xidmət mərkəzinə çeşidləmək üçün gətirilir. Mən bələdiyyə sədri kimi Emin dayını axtarmıram ki, Emin dayı işə çıxırsanmı, çıxmırsanmı? Daşıma işinin sahibi odur, öz işini yaxşı bilir və ayda cəmi dörd və ya beş gün işləyir, tam maaşını alır. Qeyd edim ki, Təmiz kənd xidmət mərkəzi 2020-ci ilin sentyabr ayından fasiləsiz fəaliyyət göstərir.

Bu gün artıq hamı Gəgəlinin təmiz kənd olduğunu qəbul edir və bununla fəxr edir. Mən düşünürəm ki, bələdiyyəçilik məsələsində nəinki Gəgəli icması, bütün Azərbaycan xalqı bizim icmanın könül yanğısına dəstək olmalıdır.

Belediyye.info

ŞƏRHLƏR